YUNESKO-nun Dünya Yaddaşı proqramı və Azərbaycan

Dünya Yaddaşı proqramının məqsədi ayrıca xalqlar və ölkələr üçün deyil, bütün bəşəriyyət üçün vacib və əvəzolunmaz olan yazılı abidələri aşkar etmək və qorumaqdır. Proqramın reyestrinə ən unikal yazılı abidələr daxildir (www.unesco.org). Tibb tarixçisi Prof.Dr. Fərid Ələkbərli Dünya Yaddaşı proqramının nizamnamə və əsasnaməsinin hazırlanmasında Azərbaycan nümayəndəsi olaraq işçi qrupunun tərkibinə daxil olmuşdur. 2005-ci ildə onun səyi nəticəsində YUNESKO Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda mühafizə olunan orta əsrə aid üç tibb əlyazmasını - Rüstəm Cürcaninin «Zəxireyi-Nizamşahi» («Nizamşahın azuqələri»), İbn Sinanın «Əl-Qanun fit-tibb» («Tibbi qanun»), Əbülqasım Zəhravinin cərrahiyyəyə dair «Əl-məqalə əs-səlasun» («Otuzuncu traktat») əsərlərinin əlyazmaları Dünya Yaddaşı proqramının reyestrinə daxil edilib. Bu qərarı təsdiqləyən sertifikat UNESCO-nun o zamankı baş direktoru Koişiro Matsuura tərəfindən Əlyazmalar İnstitutuna təqdim edilib. 2017-ci ildə isə Məhəmməd Füzulinin anadilli “Divan”ı Dünya Yaddaşı proqramının reyestrinə daxil edilmişdir.
Prof.Dr. Fərid Ələkbərlinin rəhbərlik etdiyi qrup Dünya Yaddaşı proqramının reyestrinə salınması üçün Azərbaycan müəlliflərindən Həsən ibn Rza Şirvaninin «Siracüt-tibb», Hacı Süleyman İrəvaninin «Fəvaidül-Hikmət», Yusif ibn İsmayıl Xoyinin «Cəmeyi-Bağdadi», Məhəmməd Yusif Şirvaninin «Tibbnamə» əsərlərini də təqdim etmişdir.
Sevindirici haldır ki, 2023-cü ildə Qarabağ xanının qızı Xurşidbanu Natəvanın (1832-1897) “Gül dəftəri” albomu Dünya Yaddaşı proqramının reyestrinə daxil edilmişdir. 227 səhifəlik albom 1886-cı ildə tərtib edilmişdir. 
Azərbaycan Milli Dünya yaddaşı komitəsini yaratmağı planlaşdırır. Bu məqsədlə Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası birgə işləyir.
 

share.in.social