Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılmayan əlyazmaların kolleksiyalarının virtual təqdimatını təşkil etmək üçün "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi "Dünya yaddaşı - əlyazma kolleksiyalarının virtual təqdimatının təşkili, kataloqların hazırlanması" layihəsini hazırlamışdır. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il kiçik qrant müsabiqəsinə təqdim olunmuş və maliyyələşdirilməsi üçün seçilmişdir.
İlkin olaraq Şirvan-Şəki əlyazma kolleksiyası, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu əlyazma kolleksiyası, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu əlyazma kolleksiyası, Ruslan Məmmədovun əlyazma kolleksiyası, Əhməd Cəfərzadənin əlyazma kolleksiyası, Ağsu rayonu Külüllü kəndi Bilal əfəndi məscidi əlyazma kolleksiyası və Kürdəmir rayonu Şahsevən kəndi Ağ günbəz əlyazma kolleksiyası layihəyə cəlb edilmiş, onların içərisindən əlli əlyazma seçilərək onlayn kataloq və elyazma.az internet səhifəsi üçün öyrənilmişdir. Virtual təqdimatı təşkil etmək üçün "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi elyazma.az domenini almış və internet səhifənin yaradılmasını həyata keçirmişdir.
Elyazma.az səhifəsi IMAGE MMC tərəfindən dizayn olunmuş və məlumat bazası üçün forma hazırlanmışdır. Mütəxəssislər öyrəndikləri əlyazmaları vaxtaşırı bazaya yerləşdirirlər. Əsas səhifədə qeyd olunmuşdur ki, əlyazmalardan istifadə etmək üçün əvvəlcə miraspresscenter@gmail.com məktub yazılın və məktuba istək forması əlavə olunsun. Bu ifadədən məqsəd oxucuların, əlyazma həvəskarlarının, dövlət qurumlarının əlyazmaların pdf. variantını əldə etmək üçün əlçatanlığı təmin etməkdir.
Kolleksiyalar bölməsində elyazma.az səhifəsinə yerləşdirilən əlyazmaların aid olduğu kolleksiyalar haqqında məlumat yerləşdirilmişdir. Əhməd Cəfərzadə folklor alimi olmuş və yazıçı Əzizə Cəfərzadənin qardaşıdır. Mütəxəssislər Əhməd Cəfərzadənin kolleksiyası (kodu: ƏCK) ilə yazıçı Turan İbrahimovun əsasını qoyduğu Əzizə Cəfərzadə Ev Arxivində tanış olmuşlar. Layihə üçün seçilən əlyazmalar içərisində Şirvan bölgəsində üzü köçürülən və Əhməd Cəfərzadə tərəfindən toplanan kitablar və ayrı-ayrı vərəqlər vardır. “Müsəlman qadını” əlyazması Fərid Vəcdinin ərəb dilində əsərindən Mehmet Akif tərəfindən türk dilinə tərcümə edilmiş mətnin sadə qələmlə müasir vərəqdə yazılmış əlyazmadır. Kolleksiyaya məxsus maraqlı əsərlərdən biri isə Osmanlı şairi Əhməd əfəndi Quddusinin türk dilində “Külliyyat”ı çap kitabıdır.
Şirvan-Şəki əlyazma kolleksiyası (kodu: SSK) Ağsu rayonu Gəgəli kəndində tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin kitabxanasında saxlanılan əlyazmalardır. Bu əlyazma əsərləri Azərbaycanın Şirvan və Şəki bölgələrində müxtəlif şəxslərdən toplanılmışdır. Şirvan-Şəki əlyazma kolleksiyasıa məxsus əlyazmalar əsasən türk, ərəb və fars dillərindədir. Əlyazmaların bir hissəsi Şirvan və Şəki bölgəsində yaşayan Məhəmməd Küngüti, Mahmud Küngüti, Seyid əl-İnam, Süleyman Qəmərli kimi yerli müəlliflər tərəfindən qələmə alınmışdır. Bəzi əlyazmalar isə Qütbəddin Razi, Bəhaəddin Məhəmməd bin Hüseyn Amili, Nəcməddin Əbülqasım Cəfər bin Həsən Said Hilli kimi orta əsr müəlliflərinin əsərləri olub, üzləri köçürülmüşdür.
Qəbələ rayonunun Duruca kəndində yaşayan ilahiyyatçı Ruslan Məmmədovun şəxsi kolleksiyası (kodu: RMK) da zəngindir. Bu kolleksiyadan layihəyə bir kitab cəlb edilmişdir. Kitabın içərisində Qarabağlı sufi Pir Məhəmmədin “Mənaqibnamə”si və xəlvətiliklə bağlı virdlər verilmişdir. 2020-ci ildə məqalənin müəllifləri “Mənaqibnamə” əsərini transfonoliterasiya edərək və sadələşdirərək nəşr etmişlər. Ruslan Məmmədov şəxsi əlyazma muzeyinin fəaliyyətə başlamasından sonra ona məxsus bütün əlyazmaların elektron kataloqunun yaradılmasına icazə verəcəyini bildirmişdir.
Heydər Əliyev Fondu tərəfindən “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən "Bədöyün məscidi"ndə bərpa işləri həyata keçirilərkən yüzlərlə əlyazma və çap nüsxələri üzə çıxarılmışdır. Şəhla Xəlilli Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi ilə həmin əlyazma və çap nüsxələrini sistemləşdirmişdir. Layihəyə “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu əlyazma kolleksiyasından (kodu: LQK) da bir neçə nüsxə cəlb edilmişdir. Ümumilikdə tədqiqat zamanı “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunda 702 inventar sayı altında on min vərəqdən çox əlyazma və kitab fondu işlənilib.
Şəhla Xəlilli Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi ilə “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda 158 inventar sayı altında üç min vərəqdən çox əlyazma və kitab fondunu işləmişdir. Qoruqların əlyazma fondu ekspedisiyanın hazırladığı səhra inventar kitabı əsasında öz inventar kitabını formalaşdıra biləcək, gələcək tədqiqatlar zamanı pasportlaşdırma və kataloqlaşdırma işləri aparılacaq, nəşrlər həyata keçiriləcək. Layihəyə “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu əlyazma kolleksiyasından (kodu: BQK) da bir neçə nüsxə cəlb edilmişdir.
Fariz Xəlilli çöl işləri zamanı bir məscid və bir türbədən götürdüyü əlyazma və çap nüsxələrini kitabxanasına daxil etmişdir. Ağsu rayonu Külüllü kəndindən Bilal əfəndi məscidi əlyazma kolleksiyası (kodu: BMK) və Kürdəmir rayonu Şahsevən kəndi Ağ günbəz türbəsi əlyazma kolleksiyası (kodu: AGK) az sayda və daha çox vərəqlər şəklində əlyazmalarla layihəyə cəlb edilmişdir.
Kolleksiyaların kağız nümunələrinin təmizlənməsi, siyahıya alınması və inventarlaşdırılması işi başa çatdırıldıqdan sonra müəyyən olunub ki, tədqiq olunan kitabların əksəriyyəti mədrəsə və ya məktəb fəaliyyəti ilə bağlıdır. Kolleksiyalarda dini kitablardan əlavə dilə, ədəbiyyata, tibbə, coğrafiyaya, astronomiyaya dair əlyazma və çap kitabları da mövcuddur.
Kolleksiyalarda əlyazma, çap, daşbasma, Kazan çapı olan kitablara rast gəlinib. Bəzi əlyazma kitabları qızılı haşiyə ilə bəzənib, bəziləri isə adi boya ilə rənglənib. Əlyazma kitabları Avropa, rus və Şərq filiqranlarına yazılıb. Yazılar sarı, yaşıl və mavi kağızlardadır. Bəzi kağızlar səliqəli, bəziləri isə kobud şəkildə düzəlib. Kitabların əksəriyyətinin cildləri xarab olub, çürüyüb, bəzilərinin cildi isə ümumiyyətlə qalmayıb. Buna səbəb isə kitabların saxlanılma şəraiti olub. Cildi olan əlyazma kitablarının bərpası vacibdir. Tədqiq olunan kitablar arasında çox sayda daşbasma üsulu ilə çap olunmuş böyük və orta boy kitablar mövcuddur. Bundan başqa, Kazan çapı və müasir çap üsulunda böyük, orta və kiçik boyda kitablar da var. Bəzi çap kitabları əlyazma kitabı kimi haşiyələnərək rənglənib. Bəzilərində isə mövzuya aid maraqlı illüstrasiyalar çəkilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılmayan əlyazmaların kolleksiyalarının virtual təqdimatını təşkil etmək üçün "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi "Dünya yaddaşı - əlyazma kolleksiyalarının virtual təqdimatının təşkili, kataloqların hazırlanması" layihəsini davamlı həyata keçirməyi planlaşdırır. Bu məqsədlə əlyazma kolleksiyaları olan muzey, qoruq, ayrı-ayrı şəxslər müəyyən edilir, onların kolleksiyaları elyazma.az internet səhifəsində pasportlaşdırılır. Elyazma.az internet səhifəsinin məlumat bazası zənginləşdikcə dünya yaddaşımız daha da möhkəmlənəcək, alimlər üçün qaynaq rolunu oyanayacaqdır.