Azərbaycanda sənədli irsin rəqəmsallaşdırılması vəziyyəti

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi respublika əhəmiyyətli 6 dövlət arxivini, Dövlət arxivinin 15 filialını, Naxçıvan Muxtar Respublikasının dövlət arxivini, habelə 55 rayon və şəhər dövlət arxivlərini birləşdirir. Milli Arxiv İdarəsinin fondlarında Azərbaycanın Rusiyaya birləşdirilməsindən başlayaraq bu günümüzə qədər dəyərli sənədli irs - əhalinin vilayət və qəzalar üzrə siyahıyaalınmaları, Qafqaz Ruhani İdarəsinin sənədləri, 1918-ci ildə Azərbaycanın müsəlman əhalisinə qarşı ermənilərin törətdiyi 31 mart soyqırımına dair Fövqəladə Təhqiqat Komissiyasının sənədləri, tanınmış ictimai xadimlərin şəxsi arxivləri və s. nadir sənədlər toplanıb, qorunur. Milli Arxiv İdarəsində sənədlərin digitallaşdırılması davam etdirilir, Elektron Arxiv Sistemi qurulur.
M.F.Axundov adına Milli Kitabxana regionun ən böyük kitabxanalarından biridir. 1922-ci ildə yaradılıb. Hal-hazırda Milli Kitabxanada 27 şöbə, 46 bölmə fəaliyyət göstərir. Kitabxana fondunda 4569604 nüsxə çap məhsulu saxlanılır. “Kitabxana işi haqqında” və “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanunlarına əsasən Milli Kitabxana ölkə ərazisində dərc olunan nəşrlərdən pulsuz məcburi nüsxələr alır və onların əsasında milli mətbuatın arxiv fondunu yaradır. Bunun nəticəsi olaraq təkcə 2015-ci ildə kitabxanaya 20060 nüsxə yeni ədəbiyyat daxil olmuşdur. Kitabxananın Nadir kitablar fondu XIX əsr nəşrləri ilə zəngindir. 2003-cü ildən kitabxanada avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə başlanmışdır. Sistemin proqram təminatı ABŞ-ın VTLS-kitabxanalar üçün xüsusi avtomatlaşdırılmış proqramlar işləyən təşkilatlar tərəfindən həyata keçirilmişdir. Buraya elektron kataloqun tərtibi, elektron kitabxananın təşkili, oxucuların qeydiyyatı, kitab verilişi, kitab fondunun komplektləşdirilməsi, Milli biblioqrafiyanın yaradılması, bütün kitabxana proseslərinin avtomatlaşdırılması modulları daxildir.
Mərkəzi Elmi Kitabxana 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti tərəfindən Biblioqrafiya Bürosu adı ilə yaradılmışdır. 1972-ci ildə AMEA Mərkəzləşdirilmiş Kitabxana Sisteminə çevrilmişdir. Mərkəzi Elmi Kitabxana həmin ildən AMEA kitabxana şəbəkəsinə metodiki rəhbərlik edir. 2011-ci ildə Mərkəzi Elmi Kitabxana yeni binada fəaliyyətə başlayıb. Kitabxana fondlarında saxlanılan kitablar AMEA-nın əsas binasından yeni binaya köçürülüb. Mərkəzi Elmi Kitabxananın yeni Nizamnamə və Strukturu təsdiq olunub. Hazırda kitabxana 1 mln 330 mindən çox informasiya resursu, 14 oxu zalı, avtomatik qeydiyyat avadanlıqları, elektron kataloqlar, sistemləşdirmə avadanlıqları və istirahət guşələri ilə təmin olunub. Mərkəzi Elmi Kitabxana sənədli irsin digitallaşdırılması məqasədilə Milli Rəqəmsal Yaddaş layihəsini həyata keçirir.
Arxiv və kitabxanalar yeni texnologiyaları tətbiq edir, hamıya əlçatan olması üçün layihələr həyata keçirir. 2013-cü il aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq edib. Tədbirlər Planına uyğun olaraq “Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılan əlyazmalardan istifadəni asanlaşdırmaq məqsədilə “Əlyazmaların elektron kitabxanası” və internet portalının yaradılması”na başlanmışdır. Azərbaycan, türk, ərəb, fars, özbək və başqa dillərdə olan tibb, astronomiya, riyaziyyat və mineralogiya, fəlsəfə, tarix və coğrafiya, bədii ədəbiyyat və s. mövzulara aid nadir, qiymətli əlyazmaların rəqəmsallaşdırılması əlyazmalardan istifadəni asanlaşdırmaq, onların mühafizəsini təmin etmək, eyni zamanda Azərbaycan ədəbi və elmi-ictimai fikrinin bizə gəlib çatmış maddi nümunələri olan əlyazmaları gələcək nəsillərə çatdırmaqdır. Hazırda əlyazmaların elektron kitabxanasının yaradılması işi davam edir. Bugünə qədər çox sayda türk, ərəb, fars dilli əlyazma (bunlardan 873 nüsxə türk dilli əlyazma) Book Drive skanerində skan edilib. Skan edilmiş materiallar işlənib (yəni müvafiq ölçüyə salınıb), görüntüsü optimallaşdırılıb (müəyyən həcmə salınıb), pdf. formatına konvertə edilib, faylların həcmi optimallaşdırılıb, işlənmiş material elektron kitabxananın bazasına daxil edilib.
Əlyazmaların elektron kitabxanasından istifadəni təmin etmək məqsədilə elektron kitabxananın yaradılması işi ilə yanaşı, türk, ərəb, fars dilli əlyazmaların elektron kataloqunun formalaşması IRBIS-64 Avtomatlaşdırılmış kitabxana-informasiya sistemi vasitəsilə həyata keçirilir. Bu günə qədər 4427 nüsxə türk, fars, ərəb dilli əski çap və daşbasma kitabı və 980 nüsxə 1950-2022-ci illərdə nəşr olunmuş monoqrafiya, kataloq, biblioqrafik göstərici və tərcümə kitabları yeni standartlar əsasında işlənmiş, elektron kataloqun bazasına daxil edilmişdir.
Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası sənədli irslə bağlı müvafiq hüquqi sənədləri uyğun təşkilatlar və onların bölmələri ilə mütəmadi paylaşır. Lakin həmin hüquqi sənədlər indiyə qədər Azərbaycan dilinə tərcümə olunmayıb. Mədəniyyət Nazirliyi müvafiq sənədləri Azərbaycan dilinə tərcümə və nəşr etməyi planlaşdırır. Sənədli irsin qorunması ilə bağlı milli səviyyədə qanun, qərar və tövsiyyələr həyata keçirilir.
Sənədli irslə bağlı aidiyyəti məsələlər Azərbaycan Respublikasının "Mədəniyyət haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Kitabxana işi haqqında", "Muzeylər haqqında", "Elm haqqında", "Milli arxiv fondu haqqında", "Televiziya və radio yayımı haqqında" qanunları və digər normativ hüquqi sənədlər əsasında həyata keçirlir. Qanunvericilik bazası sənədli irsin və arxivlərin qorunmasına, ictimai çıxışa zəmanət verir. Milli yaddaş institutlarının idaretmə, mandat, müstəqil və səlahiyyət strukturu ilə bağlı əsasnamələr mövcuddur. Kolleksiyalardakı sənədlər maneəsiz qorunur. Bütün milli yaddaş institutlarının sənədli irsin qorunduğu fondları və laboratoriyaları vardır. 
Analoji və rəqəmsal sənədlərin qorunması ilə bağlı bütün layihələr milli yaddaş institutlarının illik plan işinə daxildir. Əlyazmalar İnstitutunda və Milli Arxiv İdarəsində mütəmadi olaraq sənədli irsin potensial və qaçılmaz təhlükə altında olanları müəyyən edilir, laboratoriyalar yenilənir və bərpa ləvazimatları alınır.

share.in.social