Əlyazma kolleksiyalarının virtual təqdimatı ilə bağlı həyata keçirilən layihə davam etdirilir

"Dünya yaddaşı - əlyazma kolleksiyalarının virtual təqdimatının təşkili, kataloqların hazırlanması" layihəsi çərçivəsində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılmayan əlyazmaların kolleksiyalarının layihəyə cəlb edilməsi üzrə işlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə layihənin araşdırma qrupu "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin rəhbərliyi, kolleksiya sahibləri və digər dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə görüşlər keçirib, müxtəlif əlyazmaların kataloqa daxil edilməsini müəyyənləşdirib. Əvvəlcə Qəbələ rayonunun Duruca kəndində əlyazma kolleksiyaçısı Ruslan Məmmədovun evində saxlanılan əlyazmalara yerində baxış keçirilib. Kolleksiyaçının razılığı ilə bəzi əlyazma nüsxələrinin xüsusi üsulla fotoları çəkilib və kataloqa daxil edilib.
Araşdırma qrupu Dövlət Turizm Agentliyinin “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu və “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda mühafizə olunan əlyazmaların bir hissəsini kataloqa daxil etmək üçün seçiblər. Bununla yanaşı, bəzi məscid və türbələrdə mühafizə edilən əlyazmalar üzrə axtarışlar da davam etdirilir.
Layihəyə əlyazma kitablarla yanaşı, ayrı-ayrı sənədlər, məktublar, şəhadətnamələr və s. yazılı nüsxələr də cəlb edilir. Belə kolleksiyalardan biri Əzizə Cəfərzadənin ev arxivində saxlanılan tədqiqatçı Əhməd Cəfərzadənin topladığı əlyazma əsərlərdir. Araşdırma qrupu tədqiqatçı Turan İbrahimovun bələdçiliyi ilə Əhməd Cəfərzadə kolleksiyasına yerində baxış keçiriblər. Turan İbrahimovun razılığı ilə bəzi əlyazma nüsxələrinin xüsusi üsulla fotoları çəkilib və kataloqa daxil edilib. "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi elyazma.az domenini alıb və virtual təqdimat üçün internet səhifəsini yaradıb.
Layihə çərçivəsində əlyazma üzrə mütəxəssis, Əlyazmalar İnstitutunun böyük elmi işçisi Şəhla Xəlilli layihə üçün istifadə edilən əlyazmaların elektron kataloqunu hazırlayır. "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi əlyazma kolleksiyalarını elyazma.az internet səhifəsində yerləşdirmək istəyən bütün kolleksiyaçılara müraciət ünvanlayaraq onları əməkdaşlığa dəvət edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il üçün kiçik qrant müsabiqəsinin qalib layihələrindən biri - "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin "Dünya yaddaşı - əlyazma kolleksiyalarının virtual təqdimatının təşkili, kataloqların hazırlanması" layihəsinin həyata keçirilməsinə iyul ayının 1-dən başlayıb. Layihənin əsas məqsədi əlyazma kolleksiyalarını müəyyən etmək, orijinal əlyazmaların pdf. məhsullarının virtual təqdimatını təşkil etmək, bu əlyazmaların yerləşdiyi kolleksiyaların təqdimatına və cəmiyyətə açıq, əlçatanlılığına nail olmaqdır. Layihə elmi araşdırmalar aparan yerli və xarici alimlərin, fiziki və hüquqi şəxslərin dövriyyədən kənarda qalan Azərbaycan əlyazma irsini öyrənməsinə imkan verir.

 

https://azertag.az/xeber/2736778

 

 

share.in.social