Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi 1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmalar şöbəsinin əsasında yaradılmışdır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrini tibb və astronomiya, riyaziyyat və mineralogiya, poetika və fəlsəfə, teologiya və hüquqşünaslıq, qrammatika, tarix və coğrafiya, bədii nəsr və poeziyasını əhatə edən Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir. İndi Əlyazmalar İnstitutunda 40 mindən artıq material vardır. Bunlardan 12 minə qədəri ərəb qrafikalı əlyazmalardır ki, IX-XX əsrlərdə yazılmış və ya üzü köçürülmüşdür. Bundan başqa, institutda XIX-XX əsrlərdə yaşamış Azərbaycanın görkəmli elm və ədəbiyyat xadimlərinin şəxsi sənədləri, tarixi sənədlər və fraqmentlər, əski çap kitabları, əvvəlki dövrlərin qəzet və jurnalları, mikrofilm və fotosurətlər mühafizə edilməkdədir.
Əlyazmalar İnstitutunda saxlanan ən qədim əlyazma IX əsrə aid edilən dəri üzərində yazılmış Quranın "Ən-Nisa" surəsinin bir hissəsidir.
Əlyazmalar İnstititunda mütəmadi olaraq tədbirlər, konfranslar keçirilir. 29 oktyabr Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun “Türkdilli əlyazmaların tədqiqi” və “Türk dünyası əlyazmalarının tədqiqi” şöbələrinin birgə təşkilatçılığı 24 oktyabr 2023-cü il tarixində “Əlyazma kitabı Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələr kontekstində” beynəlxalq konfrans keçiriləcəkdir.
Konfrans tarixi çox qədimlərə söykənən Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələrinin, müştərək tariximizin, ədəbiyyatımızın əlyazma qaynaqları əsasında dəyərləndirilməsi və aktual problemlərinin müzakirəsi məqsədi daşıyır.